20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin qızlardan ibarət komandaları arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin yad edilməsi, məktəbli şahmatçıların ustalıq dərəcələrinin artırılmasından ibarət olub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər iştirakçılara yarışın qaydaları haqqında məlumat verib və onlara uğurlar arzulayıblar.
Birincilikdə 17 ümumtəhsil məktəbinin komandası, hər komandada isə 6 nəfər olmaqla ümumilikdə 102 nəfər Şahmatçının iştirakı təmin edilib. Yekuna əsasən, 3 nömrəli tam orta məktəbin komandası I yerə, 8 nömrəli tam orta məktəbin komandası II yerə və 17 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib olan komandalar və komanda üzvləri təltif olunublar.