İstanbul-Naxçıvan reysi üzrə uçuşlara başlanılıb

İyun ayının 3-də Naxçıvan Beynəlxalq Hava Limanında İstanbul-Naxçıvan reysi üzrə uçuşlara başlanılması ilə əlaqədar olaraq tədbir keçirilibdir.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, "AJet" satış başqanı Macit Bayarbey, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini Salman Məmmədli iştirak edibdir. Tədbir zamanı çıxışlar edilib və açılış lenti kəsilibdir.
Qeyd olunub ki, uzun illərdir "Türk Hava Yolları" Naxçıvana uçuşlar həyata keçirirdi. Bu gündən etibarən isə bu vəzifəni "AJet" davam etdirəcək. Həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri olmaqla İstanbul-Naxçıvan-Gəncə marşrutu üzrə reyslər təşkil olunacaq. Həmçinin "AJet"də münasib qiymətlərlə İstanbul ilə Naxçıvan arasında bir körpü rolunu oynayacaq və bir-birinə yaxın olan xalqlarımızı daha da yaxınlaşdıracaq.
Vurğulanıb ki, bizim əsas gözləntimiz, bu uçuşların sayının həftədə iki dəfə ilə məhdudlaşmaması, gələcəkdə daha sıx və birbaşa reyslərin həyata keçirilməsidir.
Tədbir iştirakçıları bu yeni addımın Naxçıvanımız və ölkəmiz üçün xeyirli olmasını diləyiblər.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:55-də İstanbuldakı Sabiha Gökçen hava limanından səmaya qalxan “AJet” şirkətinin təyyarəsi 09:05-də Naxçıvan hava limanına eniş edib.