19 sentyabr 2025-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxış edərək bildirib ki, internetdən düzgün istifadə olunmadıqda uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O, eyni zamanda, bu sahədə cəmiyyətin maarifləndirilməsinin, sağlam istifadə vərdişlərinin formalaşdırılmasının və valideynlərin məsuliyyətli mövqeyinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra məktəbin direktoru Asudə Məmmədova da mövzu ətrafında çıxış edib.
Təlim diskussiya şəklində davam edib və sonda mövzu ilə bağlı maarifləndirici broşürlər iştirakçılara paylanılıb.