“İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Sentyabrın 5-də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Naxçıvan şəhər Əliabad qəsəbəsində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, eləcə də milli maraqlarımızın müdafiə olunmasında sosial şəbəkələrin imkan və təsirləri haqqında iştirakçılara məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub. Bildirilib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir.
Diskussiya şəklində davam etdirilən tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici broşürlər paylanıb, elan lövhələrinə posterlər yerləşdirilib.