“İnternetdən istifadə və uşaqların məsuliyyəti" mövzusunda maarifləndirici təlim keçirilib

11 fevral 2026-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov mövzunun əhəmiyyətindən bəhs edərək rəqəmsal dövrdə uşaqların internetdən təhlükəsiz şəkildə istifadəsinin təmin olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, informasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların internet mühitində düzgün istiqamətləndirilməsi, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlar, rəqəmsal təhlükəsizlik qaydaları və sağlam internet davranışları barədə ətraflı məlumat verib. O qeyd edib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitə olsa da, düzgün istifadə edilmədikdə uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və sosial münasibətlərə mənfi təsir göstərə bilər.
Çıxış zamanı valideynlərin və müəllimlərin birgə məsuliyyətinin əhəmiyyəti vurğulanaraq, uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasının vacibliyi qeyd olunub.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Əfsanə Nabatova çıxış edərək uşaqların təhsil hüquqları, təhlükəsiz təhsil mühiti və rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanıb.