"İnsan hüquqları və gender bərabərliyi barədə məlumatlılığın artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları" mövzusunda növbəti tədbir keçirilib

5 may 2026-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə “Ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə insan hüquqları və gender bərabərliyi barədə məlumatlılığın artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları” ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib. Təhsil şöbəsinin əməkdaşı Şəfa Rəhimova bildirib ki, gender bərabərliyi cəmiyyətin hər bir üzvünün bərabər imkanlara malik olması, şəxsi inkişafı və sosial həyatda iştirak üçün mövcud maneələrin aradan qaldırılması deməkdir. Bu dəyərlərin məktəblərdə aşılanması gənclərin sağlam, təhlükəsiz və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva qeyd edib ki, cəmiyyətin davamlı inkişafında insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, həmçinin məişət zorakılığının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, bu məqsədlə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə həyata keçirilən maarifləndirici tədbirlər mühüm nəticələr verir. O vurğulayıb ki, keçirilən tədbirin əsas məqsədi insan hüquqlarına dair biliklərin artırılması, qız və oğlan şagirdlər arasında gender bərabərliyi barədə düzgün təsəvvürlərin formalaşdırılması, eləcə də məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları barədə məlumatlandırmanın gücləndirilməsidir.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib.