"İnsan hüquqları və gender bərabərliyi barədə məlumatlılığın artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

7 aprel 2026-cı il tarixdə Naxçıvan şəhər 2 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə "İnsan hüquqları və gender bərabərliyi barədə məlumatlılığın artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev vurğulayıb ki, gender bərabərliyi cəmiyyətin hər bir üzvünün bərabər imkanlara malik olması, şəxsi inkişaf və sosial həyatda iştirak üçün maneələrin aradan qaldırılması deməkdir. Bu dəyərlərin məktəblərdə aşılanması gənclərin sağlam, təhlükəsiz və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək bildirib ki, cəmiyyətin davamlı inkişafında insanların hüquq və azadlıqları, gender bərabərliyinin təmin olunması, həmçinin məişət zorakılığının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə həyata keçirilən maarifləndirici tədbirlər mühüm nəticələr verir. O bildirib ki, bu gün keçirilən tədbirin əsas məqsədi şagirdlərin hüquqlarına dair biliklərin artırılması, qız və oğlan şagirdlər arasında gender bərabərliyi barədə düzgün təsəvvürlərin formalaşdırılması, eləcə də məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları barədə məlumatlandırmanın gücləndirilməsidir. Sonda Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülsarə Süleymanova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir diskussiya şəklində davam edib.