İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 18 iyul 2024-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.  Şəhidlərin əziz xatirəsini yad etmək, yeniyetmə və gənclərin sağlam böyüməsinə şərait yaratmaq məqsədilə keçirilən idman tədbirində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Açılış mərasimində çıxış edənlər birinciliyin mahiyyəti və qaydaları haqqında məlumat veriblər. Qəhrəmanlarımızın gənc nəsilə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayan şəhidlərin ailə üzvləri təşkilatçılara təşəkkür ediblər.

Sonra şəhid ailələrinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib. 

Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 3 yaş qrupunda 40 idmançı iştirak edib. Birinciliyin yekununa əsasən 2008-2010-cu il təvəllüdlü idmançılar arasında Rza Kətənli, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Yusif Mahmudov, 2013-2015-ci il təvəllüdlü idmançılar arasında isə Fərid Hacızadə müvafiq olaraq I yerə layiq görülüb. Yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.