Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, “Naxçıvan Təlim Mərkəzi”nin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə muxtar respublikanın dövlət orqanlarında çalışan mətbuat işçiləri üçün təlim keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, məqsəd məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılması, media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılması, eləcə də sağlam media mühitinin inkişafı və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir. Təlimin mövzu aktuallığını və əhəmiyyətini diqqətə çatdıran Günay Nəzərova iştirakçılara uğurlar arzulayıb.
“Naxçıvan Təlim Mərkəzi” İdarə Heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə rəhbərlik etdiyi publik hüquqi şəxsin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, qurum muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərir.
Təlimin ilk hissəsində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova böhran vəziyyətində kommunikasiyanın qurulması və kommunikasiya alətlərindən düzgün istifadə, böhran vəziyyətinin idarə edilməsi üçün tələb olunan şərtləri iştirakçıların diqqətinə çatdırıb. O, böhran vəziyyətlərdə dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edib.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini İlhamə Novruzovanın təqdimatında “Mətbuat konfransının, press-relizin, təqdimatın hazırlanması” mövzusu ilə təlim davam edib.
Qeyd edək ki, təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.