İyulun 17-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.
İcra hakimiyyətinin və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. İcra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində genişmiqyaslı quruculuq tədbirləri, həmçinin məhəllədaxili yolların təmiri işləri həyata keçiriləcəkdir.
Sakinlərin işlə təmin olunma, sukanalizasiya, elektrik və qaz xətlərinin çəkilməsi, məhəllədaxili yolların təmiri və digər məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq şəxslərə tapşırıqlar verilib.
Qəbulda iştirak edən şəxslər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.