Ümumtəhsil məktəblərinin gənc müəllimlərinin iştirakı ilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıb. Bildirilib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu söyləyib. Qeyd edilib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda onun uğurlu siyasətinin, misilsiz xidmətlərinin şahidi oluruq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən çıxararaq inkişafa, tərəqqiyə doğru aparmışdır. Bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəri, Vətən müharibəsində qazanılan müqəddəs qələbə onun tarixi fəaliyyətinin bəhrəsidir.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Canməmmədova, 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aynur İbrahimova, 16 nömrəli tam orta məktəbin musiqi müəllimi Xumar Qocayeva, 12 nömrəli tam orta məktəbin tarix müəllimi Turanə Quliyeva, 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Türkanə Hüseynova və digər çıxış edənlər bildiriblər ki, ümummilli lider hər zaman qürur hissi ilə xatırlanacaq. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında onun müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Dəyirmi masa ətrafında keçirilən tədbir müzakirələrlə davam etdirilib.