Naxçıvan Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş sərgiyə baxış keçiriblər. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Azərbaycanda dövlətçiliyin əsaslarının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını qeyd edib.
İcra hakimiyyətinin başçısı bildirib ki, Ulu Öndərin misilsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ötən illər ərzində böyük inkişaf yolu keçən ölkəmizin gələcəyi işıqlı və firavandır. Çünki, Ulu Öndərin siyasi xətti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətlərindən biridir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edib. Bildirilib ki, Azərbaycanı inkişaf etdirmək, irəliyə aparmaq Dahi Şəxsiyyət Heydər Əliyevin həyatının bütün dövrlərində tək amalı olmuşdur. Ulu öndərin sədrliyi ilə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulmuşdur. Bu gün inkişaf edən Azərbaycan Ümummilli Liderin vətən sevgisinin təntənəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva çıxış edərək müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizin tarixində Ümummilli Lider ünvanına sahib olan müqayisəsiz Lider, xalqımızın işıqlı gələcəyini təmin edən dahi şəxsiyyət olduğunu söyləyib. Ali Məclisin deputatı bildirib ki, Heydər Əliyev bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarları qəbul edib.
Çıxışlardan sonra “Heydər Əliyev və Naxçıvan” adlı film nümayiş olunub.