“Heydər Əliyev: Tariximizin qızıl səhifələri” mövzusunda tədbir keçirilib.

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Vüqar Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, dünya miqyaslı dövlət xadimi, müasir, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin xalqı və dövləti yolunda xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. Ümummilli liderin və onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində vətənimiz Azərbaycan böyük inkişaf və zəfər yolu keçib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən İcra hakimiyyəti başçısının müavini bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədr müavini, deputat Əziz Qasımov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva çıxış edərək ulu öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən bəhs ediblər.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.

Tədbir iştirakçıları ümummilli liderin gördüyü işlərin, ideyaların bu gün də yaşadığını, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca ulu öndərin əziz xatirəsinin daim xatırlanacağını, heç vaxt unudulmayacağını vurğulayıblar.