“Heydər Əliyev: Tarix yazan əbədiyaşar lider” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə “Heydər Əliyev: Tarix yazan əbədiyaşar lider” adlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin mühasibi Asim Məmmədxanlı tədbiri açaraq Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan Milli Qurtuluş Gününün yaranmasından və tarixi əhəmiyyətindən bəhs edib.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov və Naxçıvan şəhər 4 nömrəli uşaq musiqi məktəbinin direktoru Zaur Kərimov çıxış ediblər.
Bildirilib ki, müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı olan Milli Qurtuluş Günü tariximizin ən şanlı səhifələrindən biridir. Məhz həmin tarixi gündə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı siyasi böhrandan xilas etdi. Ümummilli Lider tərəfindən həyata keçirilən islahatlar dövlətimizin tərəqqisinin əsasını qoydu.
Bu böyük siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətdir.
Tədbir iştiakçıları Ümummilli Liderin əziz xatirəsinin daim xatırlanacağını, heç vaxt unudulmayacağını vurğulayıblar.