Hərb tariximizin parlaq səhifəsi olan antiterror əməliyyatından iki il ötür

Vətən müharibəsində qazanılmış qələbə nəticəsində imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün əlindən gələni etdi. Təəssüf ki, bu humanist çağırışların əvəzində erməni silahlı qüvvələri davamlı olaraq təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Bununla kifayətlənməyən ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarını qeyri-qanuni şəkildə istismar edərək Ermənistana daşıyırdı və bu da Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olurdu. Beləliklə, Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları tərəfindən Şuşa-Laçın yolunda etiraz aksiyalarının keçirilməsinə başlanıldı.
Sonra Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu.
Bütün bunlara baxmayaraq Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri öz təxribatçı əməllərindən əl çəkməyərək 2023-cü ilin 19 sentyabr tarixində bir sıra genişmiqyaslı terror hücumları törətdi.
Nəticədə, bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Sentyabr ayının 19-da başlanan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı sentyabrın 20-də başa çatdı.
Antiterror əməliyyatı zamanı rəşadətli Azərbaycan Ordusu ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmiş, 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alınmışdır. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Şanlı Azərbaycan Ordusu antiterror tədbirləri zamanı mülki şəxslərin qorunmasına da xüsusi diqqət yetirmişdir. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə Qarabağ bölgəsində yaşayan erməni əhalinin zərbə altına düşməməsi və mülki şəxslərin qorunması ilə bağlı ciddi tapşırıq verilmiş və əməliyyatlar yalnız düşmən ünsürlərinə qarşı həyata keçirilmişdir. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, səsgücləndirici texniki vasitələrlə və məlumat vərəqələri paylanılaraq əhali xəbərdar edilmişdir.
Həmçinin, Azərbaycan humanizm nümunəsi göstərərək respublikamızın qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.
Beləliklə, dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror əməliyyatından sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bu şanlı Qələbə münasibətilə xalqımızı təbrik edir, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda öz canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik.