2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti təxribatlarını törədərək bölgədə gərginliyi daha da artırdı. Atəşkəs rejimini kobud şəkildə pozan işğalçılar bütün cəbhəboyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tuturdu. Düşmənin hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı və Füzuli rayonunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi.
Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Tərtər rayonunun Madagiz, Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini işğaldan azad etdi. Prezident İlham Əliyev işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri və rayonun doqquz kəndi, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli Ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bir gün sonra Dövlət Bayrağımız qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.
Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini işğaldan azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri çox böyük rəşadət göstərərək çətin relyefə malik dağ, meşə cığırlarından keçib sıldırım qayalara dırmaşaraq, bir neçə istiqamətdən Şuşaya daxil oldular. Qəhrəman Ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.
Prezident böyük qürur hissi ilə xalqımızı təbrik etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq”.
Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi. Düçar olduqları ağır məğlubiyyət Ermənistan hakimiyyətini kapitulyasiyaya imza atmağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.
Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü olaraq qeyd edilir. Həmin gün küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur, bütün dünya azərbaycanlıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Biz də tarix yazan qəhrəman şəhidlərimizi böyük hörmət və ehtiramla anır, müqəddəs ruhları qarşısında baş əyirik!
Allah rəhmət eləsin!