Gürcüstanda Batumi şəhərinin günü və "Batumoba 2025" tədbiri təşkil edilib

Naxçıvan şəhəri ilə qardaşlaşmış Batuminin şəhər statusu almasının 137-ci ildönümü münasibətilə Batumi şəhərində tədbir keçirilib. Tədbirdə Batumi şəhəri ilə qardaşlıq münasibətləri olan Türkiyə, İsrail, Latviya və başqa ölkələrin müxtəlif şəhərlərinin rəhbərliyi iştirak edib.

19 noyabr 2019-cu il tarixində imzalanmış Memorandumla Naxçıvan şəhəri ilə qardaşlaşmış Batumi şəhərinin şəhər statusu almasının 137-ci ildönümü münasibətilə 3-5 may tarixlərində Batumidə keçirilən “Batumoba 2025” adlı rəsmi tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov da iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini tədbirdə çıxışı zamanı göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə Batumi şəhər meri Arçil Çikovaniyə səmimi təşəkkürünü bildirib, şəhərlər arasında olan əməkdaşlıq haqqında məlumat verib.

Tədbir çərçivəsində müxtəlif sahələr üzrə bir sıra görüşlər keçirilib, Naxçıvan şəhəri ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşlər zamanı Batumi şəhərinin, həmçinin Acarıstan Muxtar Respublikası rəhbərliyi tərəfindən Naxçıvan şəhəri ilə olan əməkdaşlığa yüksək diqqət göstərildiyi vurğulanıb. Bu əlaqələrin Batumi və Naxçıvan şəhərləri arasında olan dostluq ruhunu daha da gücləndirəcəyi, davamlı mədəni və regional əməkdaşlığa əhəmiyyətli töhfəsi vurğulanıb.