12 avqust 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Naxçıvan Qaziləri” İctimai Birliyində gənclərlə qazilərin görüşü olub.
Görüş iştirakçıları ilk öncə ofisdə yaradılan "Şəhidlər" guşəsi ilə tanış olub, qəhrəmanlarımızın döyüş yolu ilə bağlı məlumatlanıblar.
Görüş zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbəni hərb tarixində analoqu olmayan bir qələbə olduğunu, birinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın qisasının alındığını bildirib. Həmçinin qeyd edib ki, bu gün şəhid ailələrinə, Vətən müharibəsində əlil olmuş şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və işlə təmin edilməsi hər zaman diqqətdə saxlanılır. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Həmçinin, dövlətimizin dəstəyi ilə fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyinin muxtar respublikada fəaliyyət göstərən dövlət qurumları ilə qazilərimiz arasında bir körpü rolunu oynadığını xüsusi qeyd edib.
Keçirilən görüşdə gənclər qazilərimizin döyüş yolunu dinləyib, onları maraqlandıran suallar cavablandırılıb və səmimi söhbətlər aparılıb.
Qeyd edək ki, belə görüşlərin keçirilməsi gənclərdə vətənpərvərlik hissini gücləndirmək və qəhrəmanlarımızın şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.