Gənclərin şəhid ailələri ilə növbəti görüşü olub

İyulun 16-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. İştirakçılar şəhidlərimiz Məmmədov Pərviz Zahid oğlu, Hüseynov Raqib Adil oğlu və Zeynalov Elnur Elsevər oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, həmçinin şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu və göstərdikləri şücaətlər barədə məlumatlandırılıblar.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıblar. Şəhidlərimizin ömür yolunun, Vətən qarşısındakı xidmətlərinin gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsi olduğunu qeyd ediblər.
Daha sonra iştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə ətraflı məlumat verilib. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.
Sonda tədbir iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.