Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının birgə təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər.
Görüş çərçivəsində iştirakçılar şəhidlərimiz İbrahimov İbrahim Etibar oğlu, Quliyev Orxan Vaqif oğlu və Məmmədov Əli Abbas oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək göstəriblər. Şəhidlərimizin həyat yolu, döyüş fəaliyyəti və göstərdikləri igidlik nümunələri barədə gənclərə ətraflı məlumat verilib.
Nazirliyin gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, eləcə də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən danışıblar. Qeyd olunub ki, qəhrəman Azərbaycan əsgərinin şücaəti və şəhidlərimizin Vətən qarşısındakı xidmətləri gənc nəslə örnəkdir.
Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin ömür yolu, əzmkarlığı və vətənpərvərliyi hər bir Azərbaycan gənci üçün böyük qürur mənbəyidir. Tədbir iştirakçıları vətənpərvər övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı qəhrəman şəhidlərimizin hərbi xidməti fəaliyyəti, təltif olunduqları orden və medallar haqqında da məlumat verilib. Ailə üzvləri övladlarının şəxsi keyfiyyətləri, xatirələri və həyatlarına dair duyğulu fikirlərini bölüşüblər. Gənclər şəhidlərimizə həsr olunmuş xatirə guşələri ilə tanış olublar.