"Naxçıvan şəhərində mənzil istismar idarələrinin, eləcə də digər müəssisələrin nəzarət etdiyi yaşayış sahələrində, xüsusilə də çoxmərtəbəli yaşayış binalarında ehtimal olunan fövqəladə hadisələr və fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlər” mövzusunda seminar-müşavirə keçirilib.
Fevralın 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında seminar-müşavirə keçirilib.
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Nail Əliyev giriş sözü ilə keçirilən müşavirənin mahiyyətindən söz açıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mirtaleh Seyidovun və Toğrul Hacıyevin mövzular ətrafında çıxışları dinlənilib.
Seminar-müşavirənin davamında bəhs edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan şəhərində mənzil istismar idarələrinin, eləcə də digər müəssisələrin nəzarət etdiyi yaşayış komplekslərində, xüsusi ilə də çoxmərtəbəli yaşayış binalarında ehtimal olunan fövqəladə hadisələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsindən ibarətdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mənzillərdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təbliğat vasitələri paylanılıb.