Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes-forumda çıxış edib. Prezident bildirib ki, forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün də yaxşı bir platforma olmalıdır. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.
Ötən ilin yayında Pakistana səfərim zamanı bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.
Ölkə başçısı qeyd edib ki, Pakistanla enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk. Yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.