Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov Naxçıvan şəhərində uşaq hüquqlarının qorunması sahəsində görülmüş işlər barədə məlumat verib, erkən nikahın qarşısının alınmasına xidmət edən tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova erkən nikah və onun fəsadlarından, eləcə də qohumlar arasında nikahın zərərlərindən bəhs edib, problemə qarşı cəmiyyətin bütövlüklə mübarizə aparmalı olduğunu bildirib.
Ailə dəyərlərimizin qorunmasına xidmət edən tədbirin təşkilinə görə təşəkkür edən məktəbin direktoru Gülsarə Süleymanova erkən nikah halları ilə mübarizədə təhsilin əhəmiyyətini vurğulayıb.
Şagird və valideynlərin maraqla qarşıladığı tədbirin sonunda onların fikirləri dinlənilib, sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanıb.