“Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, erkən nikah uşaq hüquqlarının pozulmasına səbəb olur və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır.Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova təqdimatla çıxış edərək qeyd edib ki, nikah yaşına çatmayan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. O vurğulayıb ki, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsi bu halların gələcəkdə təkrarlanmamasına və sağlam nəslin formalaşmasına xidmət edir.Əsasən, yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə erkən yaşda ailə qurmağa məcbur edilən qızların təhsildən kənarda qalması və bunun onların gələcək həyatına mənfi təsirləri diqqətə çatdırılıb.Daha sonra Naxçıvan Qızlar Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Fərqanə Həsənova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.Tədbir diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda mövzu ilə əlaqədar sorğu keçirilib, broşürlər paylanılıb və posterlər elan lövhələrinə yerləşdirilib.