"Erkən nikah uşaq hüquqlarının pozulmasıdır" başlıqlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində 13 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov Naxçıvan şəhərində uşaq hüquqlarının qorunması sahəsində görülmüş işlər barədə məlumat verib, erkən nikahın qarşısının alınmasına xidmət edən tədbirin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə maarifləndirmə işinin aparılmasından danışıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb. 

Ailə dəyərlərimizin qorunmasına xidmət edən tədbirin təşkilinə görə təşəkkür edən məktəbin direktoru Canpolad Rüstəmov erkən yaşda ailə qurmağa məcbur edilən qızların təhsildən kənarda qaldığını vurğulayıb.

Müəllim, şagird və valideynlərin maraqla qarşıladığı tədbirin sonunda onların fikirləri dinlənilib, sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanıb.