“Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında təşkil edilən builki toplantıda “İnkişafın yenidən dizayn edilməsi”, “İntellektual əsrdə sənayelər”, “İnsan kapitalına investisiya”, “Planetin mühafizəsi” və “Etimadın bərpası” mövzularında beş istiqamət üzrə müzakirələr aparılıb. Dünyanın 130-dan çox ölkəsindən 3000-dən çox iştirakçının bir araya gəldiyi Forumda dövlət və hökumət başçıları, siyasətçilər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirakı çərçivəsində yanvarın 20-də Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Müsahibə zamanı Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqeyi, Azərbaycan-Çin strateji tərəfdaşlıq əlaqələri, ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsi, Azərbaycan-ABŞ münasibətləri, ölkəmizin iqtisadi imkanları və digər bir sıra mühüm məsələlər barədə ətraflı məlumat verib.
Prezident bildirib ki, biz 30 il ərzində milli ideyamız və hədəfimiz olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Azərbaycanın güclü, özünü təmin edən iqtisadiyyat qurduğunu söyləyən ölkə başçısı qeyd edib ki, biz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Prezident ötən il Çin və Azərbaycanın rəsmi olaraq strateji tərəfdaş olduğunu və bu tərəfdaşlığın daha da inkişaf etidirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.
Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Mərkəzi Asiyada bağlantı layihələrinin əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən marşrutdur və buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın çox güclü təməl üzərində dayanmasına bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, liderlik böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. İyirmi ildən artıq müddətdə həmişə Azərbaycan xalqına müsbət və ya mənfi olmasından asılı olmayaraq həqiqəti söylədiyini bildirən Prezident İlham Əliyev ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə belə bir çağırışı etdi ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Bu halda özünüz və ölkəniz uğur qazanmış olacaq.