Doğum günü ilə əlaqədar olaraq şəhid Əliyev Səyyad Əhəd oğlunun ailəsi ziyarət olunub.

Dekabrın 4-də şəhid Səyyad Əliyevin doğum günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şöbənin böyük məsləhətçisi Pərvin Səfərov və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Naxçıvan şəhər idarəsinin zabiti Amil İbrahimov şəhidin ailəsinin yaşadığı mənzildə olub, ailə üzvləri ilə görüşüblər. İsmayıl Gülməmmədov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin salamını, şəhidin ailəsinə olan hörmət və ehtiramını çatdırıb. Şəhidin həyat yoldaşı Lətifə xanım Əliyeva yoldaşının ömür yolundan danışıb, xatirələrini gələn qonaqlarla bölüşüb. Şəhidin həyat yoldaşı və oğlu şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. İsmayıl Gülməmmədov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.