Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun ana dilidir. Ana dilimiz xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır. Bu müqəddəs mirasın qorunub gələcək nəsillərə çatdırılması, dövlət dili statusu qazanması Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyasının əsas istiqamətlərindən biri olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 27 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rəsmi şəkildə dövlət dili statusu almışdır.
Qeyd edək ki, 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Bu tarixi addım Azərbaycan dilinin rəsmi sənədlərdə, məktəblərdə, dövlət qurumlarında, elmi müəssisələrdə və digər ictimai sahələrdə daha geniş şəkildə istifadə edilməsi imkanını təmin etdi. Bununla yanaşı, milli mədəniyyətin və ədəbiyyatın inkişafı üçün də əsaslı zəmin yaradıldı. Beləliklə Azərbaycan dili yalnız özünün hüquqi vəziyyətini gücləndirməklə qalmadı, həm də xalqın gələcəyinə yönəlmiş bir simvola çevrildi. Ulu Öndər sonrakı dövrlərdə də dil siyasətinə daim xüsusi diqqət yetirmiş, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.
Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, xalqın öz dilinə və mədəniyyətinə olan dərin hörmətinin bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin bu sahədəki təşəbbüsü, sadəcə hüquqi bir addım deyil, həm də Azərbaycanın milli müstəqilliyi və inkişafı üçün mühüm bir təməl olmuşdur.
Bu gün doğma yurdumuz kimi müstəqil olan dilimiz də yaşayır və inkişaf edir.
Biz də vətəndaş olaraq öz ana dilimizi qorumalı və yaşatmalıyıq. Çünki dilimizi qorumaq - Vətənimizi qorumaqdır.