Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı, “İBESTA” restoranın dəstəyi ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş 2012-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Oyunun açılış mərasimində çıxış edənlər tədbirin mahiyyəti və yarış qaydaları haqqında məlumat veriblər. Təşkilatçılara təşəkkürünü bildirən şəhid valideynləri qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Sonra yarışdan xatirə olaraq şəhid valideynlərinə fəxri fərman təqdim edilib.
Yarışda Naxçıvan şəhəri ilə yanaşı Culfa rayonunun idmançıları da iştirak edib. 10 çəki dərəcəsi üzrə 50 idmançının mübarizə apardığı birincilikdə qızlar arasında Ləman Bağırova (28 kq, Naxçıvan), Nuray Cabbarlı (40 kq, Naxçıvan), oğlanlar arasında isə Mehdi Cəfərli (27 kq, Naxçıvan), Mətin Salahov (30 kq, Naxçıvan), Yusif Əhmədov (34 kq, Naxçıvan), Sadiq Quluzadə (38 kq, Naxçıvan), Məhəmməd Məmmədov (42 kq, Culfa), Akşin Cəfərli (46 kq, Naxçıvan), İsmayıl Şükürlü (50 kq, Naxçıvan), Nadir Məmmədov (+50 kq, Naxçıvan) çəki dərəcələrində birinci yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıblar.
Naxçıvan Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərov məktəblilər arasında cüdo üzrə respublika çempionatının qaliblərinə diplomları təqdim edib.