Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin son illərdə uğurla inkişaf etməsi hər iki ölkənin xarici siyasətində qarşılıqlı maraqlara əsaslanan strateji yanaşmanın bariz nümunəsidir. Bu əlaqələr siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, humanitar sahələrdən enerji təhlükəsizliyinə qədər geniş spektri əhatə edir və davamlı şəkildə dərinləşir. Qeyd edək ki, hər iki ölkə regional sabitlik, təhlükəsizlik və beynəlxalq hüququn prinsiplərinə hörmət məsələlərində oxşar mövqe nümayiş etdirir.İqtisadi sahədə əməkdaşlıq isə xüsusilə diqqətəlayiqdir. Enerji sektoru bu münasibətlərin əsas istiqamətlərindən biri olaraq çıxış edir və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi Çex Respublikası üçün də strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, sənaye, nəqliyyat, turizm və informasiya texnologiyaları sahələrində də əməkdaşlıq imkanları genişlənməkdədir. Münasibətlərin inkişafında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıq və yüksək səviyyəli qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır.Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq gələcəkdə daha da inkişaf edəcəyinə və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşəcəyinə əminlik yaradır.Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar Prezident İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata verdiyi bəyanatda da strateji əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanmışdır.Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, Baş nazir Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Dövlət başçısı qonaq Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük bir qrup iş adamının gəlməsini və mövcud layihələrlə bağlı fikir mübadiləsinin aparılmasını məmnunluqla qeyd edib. Bildirilib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.Prezident İlham Əliyev ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsinin müdafiə sənayesi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.Beləliklə, Baş nazir Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində əldə olunan razılaşmalar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.