Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursu beynəlxalq müstəvidə də öz bəhrəsini verməkdədir

Azərbaycan uzun illərdir ki, xarici siyasətdə prinsipial mövqe sərgiləyərək heç bir güc mərkəzinin təsir dairəsinə daxil olmadan, milli maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modeli formalaşdırıb. Bu model qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və daxili işlərə qarışmamaq prinsiplərinə söykənir. Müvafiq yanaşma ölkəmizin həm Qərb, həm də Şərq ilə konstruktiv münasibətlər qurmasına imkan yaratmışdır. Son dövrlərdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişafı da məhz bu siyasətin məntiqi nəticəsidir.
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Bu ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.
Səfər çərçivəsində aparılan yüksəksəviyyəli görüşlər ABŞ-Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, ABŞ-ın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır.