Bu münasibətlə paytaxt Bakı 2-4 iyun 2025-ci il tarixlərdə Bakı Enerji Həftəsi çərçivəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
30 ölkədən 200-dən çox şirkətin iştirakı ilə keçirilən yubiley tədbirində çıxış edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan 1994-cü ildə təşkil edilmiş ilk neft-qaz sərgisindən dərhal sonra Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Prezident qeyd edib ki, o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Dünya enerji siyasətində ölkəmizin günbəgün artan nüfuzuna diqqəti çəkən dövlət başçısı bildirib ki, bugün biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.
Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
2024-cü ildə Azərbaycanın təbii qaz ixracının 25 milyard kubmetrə çatdığını vurğulayan Prezident İlham Əliyev ölkəmizin 2030-cu ilədək təbii qaz ixracını 8 milyard kubmetr artıracağını bildirib.
“Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.”
Prezident İlham Əliyev ötən il Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini qeyd edərək “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandığını bildirib.
“COP29-un “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.”