44 günlük Vətən müharibəsinin unudulmaz səhifələrindən biri də 2020-ci ilin 20 oktyabr tarxində yazıldı.
Həmin gün şanlı Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərini düşmən işğalından azad etdi. 27 illik işğal dövründə vandalizmə məruz qalmış, susmuş Zəngilan torpaqları yenidən azadlıq nəfəsini duydu. Dağıdılmış evlərin, viran qalmış küçələrin yerinə ümid, qürur və sevinc qayıtdı.
Qeyd edək ki, 1993-cü ildə Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşan zəngilanlılar 235 nəfər şəhid verərək Araz çayından İran İslam Respublikasının ərazisi ilə keçib Azərbaycanın 43 rayonunda 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı sürməyə məcbur olmuşdular.
İşğal dövründə mənfur düşmən Zəngilanda tarixi, dini, mədəni, memarlıq abidələrini, ziyarətgahları, evləri, təhsil, mədəniyyət, səhiyyə müəssisələrini, bir sözlə nə varsa hamısını taladı, dağıtdı, təhqir etdi. Lakin, xalqın öz doğma torpaqlarına qovuşmaq istəyinin ən ali məqamı olan Vətən müharibəsinin ilk günlərində qəhrəman Azərbaycan Ordusunun Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurması silahlı qüvvələrimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlanıldı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Beləliklə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Qürurvericidir ki, bu gün Zəngilan təkcə azad olunmuş bir rayon deyil, həm də yenidən doğulan bir məkandır.
Azadlıqdan sonra burada həyat təzədən başlayıb. Bu gün Zəngilanda yeni yollar salınır, müasir binalar, məktəblər, xəstəxanalar tikilir, hava limanı fəaliyyət göstərir, yaşayış məhəllələri bərpa olunur. Müasir texnologiyanın tətbiqi və milli ruhun vəhdətində Zəngilan ağıllı şəhər və ağıllı kənd konsepsiyası ilə inkişaf edir. Bir vaxtlar dağıdılmış bu torpaqlarda indi uşaqların gülüş səsi, tikinti səsindən daha güclü gəlir.
Bu günü xalqımıza bəxş edən qəhrəman şəhidlərimizi bir daha minnətdarlıqla anır, onların qanı ilə yazılmış şanlı Zəfəri qürurla qeyd edirik.
Bu gün Zəngilan Azərbaycanın yenidənqurma və gələcəyə inam rəmzidir. Burada həyat yenidən başlayır. Daha güclü, daha müasir, daha gözəl şəkildə!
Zəngilan şəhəri günü isə hər bir azərbaycanlının qəlbində Qələbə Gününə aparan yolun xatirəsi kimi yaşayır. Bu gün bu torpağın hər daşı, hər ağacı bizə bir həqiqəti deyir: Azadlıq əbədidir, Zəngilan əbədidir, Azərbaycan əbədidir!