Bu gün Şuşa Şəhəri Günüdür

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri işğaldan azad edilmişdir.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu yolsuzluq şəraitində uzun məsafə qət etməklə sıldırım qayaları, çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət aldı. Noyabrın 7-də yüngül silah-sursat ilə Şuşaya daxil olan qəhrəman əsgər və zabitlərimiz tezliklə düşməni məhv edərək şəhərdən qovdu. Noyabrın 8-də Şuşa azad olundu.
Qeyd edək ki, Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunmuşdu. İşğal dövründə azərbaycanlıların tarixi izlərini silmək məqsədilə mənfur düşmən 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişdir. Lakin, Azərbaycan xalqı bu ədalətsiz işğalla heç vaxt barışmadı.
Şuşanın azad olunması müharibənin taleyini dəyişdi və Azərbaycanın tam qələbəsinə yol açdı. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına müraciət edərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Bu ifadələrlə cənab Prezident Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir.
Azadlıqdan sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə “Şuşa şəhərinin baş planı” hazırlanmışdır. Hazırda şəhərdə yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Son beş ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir.
Artıq keçmiş məcburi köçkünlərin bir neçə qrupu Şuşaya qayıdıb və bu proses davam edir. Beləliklə, xalqımız qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayır. İndi azad Şuşa gündən-günə dirçəlir, öz sakinlərini və qonaqlarını gözəllikləri ilə heyran edir.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”