Prezident İlham Əliyevin imzaladığı 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən Azərbaycan Ordusunun Laçın şəhərində yerləşdiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur.
Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Proqramın uğurla icrası nəticəsində qısa müddətdə Laçın şəhəri və rayonun bir sıra kəndləri də tamamilə yenidən qurulub və sakinlərin istifadəsinə verilib.
Xatırladaq ki, 2023-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
2023-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
2024-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, həmçinin su elektrik stansiyalarının və bir sıra obyektlərin açılışında iştirak edib.
2025-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir və Laçın təkcə Azərbaycanın deyil, dünyanın ən füsunkar, ən gözəl məkanlarından biridir. Laçına gələn insanların sevinci yerə-göyə sığmır, hamının gördüyü gözəllikdən ürəyi açılır, çöhrəsi gülür. Çünki artıq Laçın azaddır, Qarabağ Azərbaycandır!