Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
O, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilib. 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.