“Böyük Qayıdışa dair I Dövlət Proqramı” Ağdamda uğurla icra olunur

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən 20 Noyabr - Ağdam Şəhəri Günüdür. Artıq üçüncü ildir qeyd edilən bu tarixi gün eyni zamanda xalqmızın dogma yurda olan məhəbbətinin, qurub-yaratmaq əzminin təntənəsi olaraq xüsusi əhəmiyyət daşıyır.
Bu gün Ağdamda və işğaldan azad olunmuş digər ərazilərimizdə uğurla həyata keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bir daha bütün dünyaya göstərir ki, biz öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var.
Qarabağın mərkəzi rayonu Ağdam bu gün ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə bir neçə dəfə Ağdama səfər edərək burada reallaşdırılan layihələrlə tanış olub və özlərinin dəyərli tövsiyələrini veriblər. 2021-ci il mayın 28-də, Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik edib. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub.
Qeyd edək ki, Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Baş Plana əsasən şəhərdə 5 məhəllənin tikintisi nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür.
Qeyd edək ki, yaxın gələcəkdə Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır.
Qarabağın mərkəzi rayonun gələcək inkişafında Ağdam Sənaye Parkı mühüm rola malikdir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.
Rayonun gələcək inkişafında və müasir nəqliyyat infrastrukturunun qurulmasında Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi xüsusi əhəmiyyət daşıyır. Kompleks Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Həmçinin, rayonda tarixi ənənələri olan mədəniyyətin inkişafı da diqqətdə saxlanılır. Bu məqsədlə 2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzinin açılmışı olmuşdur. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Yurd-yuvalarına geri dönən sakinlər əmindirlər ki, bu yerlərdə əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayacaqlar.
Əlbəttə ki, əldə olunan uğurların, qazanılan zəfərlərin, görülən bütün bu işlərin arxasında məhz Azərbaycan xalqının birliyi dayanır. Bu birlik əminlik yaradır ki, nə bu gün, nə də gələcəkdə bu torpaqlara düşmən əli uzana bilməz.
Bizə bu qüruru yaşatdıqlarına görə Möhtərəm Prezidentimizə, şəhidlərimizə, qazilərə, bütün əsgər və zabitlərimizə, müharibə iştirakaçılarına xalqımız daim minnətdar olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.