19 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, ana dilimizi qorumağın, onu zənginləşdirməyin və gələcək nəsillərə saf bir şəkildə çatdırmağın hər bir azərbaycanlının müqəddəs vəzifəsi olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dilimizin qorunmasında və inkişafında, dövlət dili kimi qəbul edilməsində xüsusi xidmətlər göstərmişdir. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər doğma dilimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Naxçıvan Regional Mədəniyyət İdarəsinin müdiri Azər Cəfərli və Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Mətanət Abdullayeva çıxış edərək hər bir xalqın mövcudluğu üçün ən vacib amillərdən birinin onun ana dili olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müxtəlif ixtisaslar üzrə müəllim və şagirdləri tərəfindən ana dilimizə və vətənimiz Azərbaycana həsr olunmuş musiqi nömrələri təqdim olunub.