Bəşər tarixində qara ləkə: Xocalı soyqırımı

Bu gün Azərbaycan xalqı 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı qurbanlarının xatirəsini yad edir.

Sovet İttifaqının dağılması ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə başlayan ermənilər 1991-ci ilin son günlərində blokadaya aldığı, regionda yeganə hava limanına malik, strateji əhəmiyyətli Xocalını işğal etmək üçün hərəkətə keçdilər. Aylarla davam edən hücumlarını daha da gücləndirən ermənilər o vaxt Xankəndidə yerləşən Sovet Rusiyası ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-də gecə saatlarında üç istiqamətdən Xocalıya hücum etdilər. Dinc əhalini kütləvi şəkildə, vəhşicəsinə qətlə yetirən mənfur düşmən 20-ci əsrin ən qanlı qırğınlarından birini törətdi. Xocalıda 106 qadın, 70 qoca, 63 uşaq olmaqla 613 müdafiəsiz Azərbaycan vətəndaşı həyatını itirdi, yüzlərlə adam ağır yaralandı, 1275 nəfər ermənilər tərəfindən əsir götürüldü. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qətlə yetirilən şəxslərin məhkəmə-tibbi ekspertizaları və şahid ifadələri açıq şəkildə sübut edir ki, Xocalı sakinləri qadın, qoca və uşaq ayrı-seçkiliyi qoyulmadan baş dərisinin soyulması, burunlarının kəsilməsi, gözlərinin çıxarılması kimi ağlasığmaz işgəncələrə məruz qalıblar. Həmin vaxt çəkilən görüntülər və fotoşəkillər qətliamın böyüklüyünü bir daha ortaya qoyur.

Xocalı faciəsi 1949-cu il Cenevrə Konvensiyalarının, Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının, Mülki və Siyasi Hüquqlar Konvensiyasının, İşgəncələrə və digər qəddarlığa, qeyri-insani rəftar və ya təhqirlərə qarşı Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlər müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər olan əməllər kimi qiymətləndirilib. Bu günədək 18 ölkənin parlamenti və ABŞ-ın 24 ştatının assambleyası Xocalı hadisələrini pisləyən və soyqırım kimi qiymətləndirən qətnamələr qəbul edib.

Qürurverici haldır ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatında işğal altında olan digər torpaqlarımız kimi Xocalı da azadlığına qovuşub. Bəşər tarixinin ən qanlı qətliamı heç vaxt unudulmasa, qəlbimizdəki ağrılar səngiməsə də, işğal altında olan torpaqların azad edilməsi xalqımızın qəlbinə sevinc bəxş edib. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Xocalı sakinləri də suverenliyi təmin olunmuş Azərbaycanın vətəndaşları olaraq səsvermə hüququndan istifadə etmişdir.

Bu gün Azərbaycan dövləti Xocalıda infrastruktur, quruculuq və abadlıq işlərini sürətlə davam etdirir. Böyük Qayıdış Planının birinci mərhələsində Xocalı sakinlərinin bir qismi artıq öz doğma yurduna qaydıb, orada yaşayırlar.

İndi xalqımızın tək istəyi Xocalı qətliamını törədənlərin ədalət qarşısında cavab verməsi və ədalətin bərqərar olmasıdır. 2023-cü ilin sentyabrında ədaləti özü bərqərar edən Azərbaycan ordusunun təşkil etdiyi antiterror əməliyyatında cinayəti törədənlərdən bəziləri saxlanılıb. Həmin şəxslərlə bağlı məhkəmə prosesi davam edir.

Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan rəhmət diləyirik!