Bərpaolunan enerji siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından biridir

Enerji təhlükəsizliyi bu gün beynəlxalq miqyasda ən həssas məsələlərdəndir. Bu sahədə hər gün daha da artan tələbat enerjini yalnız iqtisadi deyil, həm də strateji amilə çevirib. Artıq ölkələrin siyasi mövqeyi, iqtisadi sabitliyi, hətta sosial rifahı enerji resurslarının mövcudluğu, əlçatanlığı və davamlılığı ilə ölçülür.
Bu çağırışlara cavab olaraq bu gün Azərbaycan təbiətin ona bəxş etdiyi imkanlardan səmərəli istifadə edir. Xəzərin küləyi, Abşeronun, Mil-Muğanın, Naxçıvanın günəşi ölkəmizin enerji xəritəsində yeni səhifələr açır, gələcək nəsillər üçün möhkəm təməl yaradır.
Yanvarın 8-də istifadəyə verilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasətinin parlaq təzahürü, dayanıqlı inkişaf strategiyasının mühüm mərhələsidir.
Ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ekoloji tarazlığın qorunmasına da xidmət edən bu nəhəng layihə, həm də Azərbaycanın gələcəyə yönəlmiş modern dövlət modelini simvolizə edir.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası göstərir ki, Azərbaycan ənənəvi enerji ölkəsi olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də regional liderliyə iddialıdır. Bu layihə iqtisadi güclə ekoloji məsuliyyətin vəhdətini ifadə edir və ölkəmizin enerji siyasətinin uzaqgörən, balanslı və strateji xarakter daşıdığını bir daha təsdiqləyir.
Stansiyanın rəsmi açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxış edərək bildirib ki, son 20 il ərzində Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Ötən dövrdə ölkəmizdə yaradılmış generasiya gücləri əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün ölkəmizin generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur.
Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Ölkə başçısı bildirib ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür.
Prezident bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılmasının xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərli və qanunidir.