Azərbaycanla Qazaxıstan arasında dostluğa, qardaşlığa və ortaq türk kimliyinin möhkəm təməllərinə əsaslanan münasibətlər uğurla inkişaf edir

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyır. Belə ki, son üç ildə Prezident İlham Əliyev Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib. Əlbəttə ki, ən yüksək səviyyədə qurulan bu siyasi dialoq dövlətlərarası münasibətlərin bütün istiqamətlərdə dərinləşməsinə güclü impuls verir.
Oktyabrın 21-də Astanada mətbuata verdiyi bəyanat və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı zamanı Prezident İlham Əliyev də bu mühüm məqamı vurğulayıb. Dövlət başçısı bildirib ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir; “Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Son üç ildə qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar.”
Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bütün bunların ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinə olduğunu bildirib; “Ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.”
Prezident həmçinin bildirib ki, ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. “Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir. Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir.”
Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyini vurğulayan dövlət başçısı əlavə edib ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər; “Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir.”
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolunun ən yüksək qiymətə layiq olduğunu bildirib; “Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.”
Zəngəzur dəhlizi layihəsinin böyük potensiala malik olduğunu qeyd edən ölkə başçısı Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını bildirib; “Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.”
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında sənaye mülkiyyətinin mühafizəsi, energetika, statistika, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat, süni intellekt və digər bir sıra sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.