Yeddi müstəqil türk dövlətindən biri olan Özbəkistan bu gün 38 milyon əhalisi ilə bu kateqoriyada dünya ölkələri arasında 38-ci yerdə qərarlaşır. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri olan ölkə şimalda Qazaxıstan, şimal şərqdə Qırğızıstan, cənub şərqdə Tacikistan, cənubda Əfqanıstan və cənub qərbdə Türkmənistan ilə qonşudur. Son dövrlərdə böyük inkişaf yolu keçən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr bu gün sürətlə inkişaf etməkdədir.
İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri də iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi baxımdan olduqca önəmlidir.
Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Keçən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ən yüksək və əhəmiyyətli sənəd olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, biz artıq bir ildir rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edən dövlətimizin başçısı bu uğurun özbək idmançıların beynəlxalq arenada nümayiş etdirdiyi qələbələrin davamı və ölkənin inkişafı ilə bağlı həyata keçirilən müdrik siyasətin nəticəsi olduğunu söyləyib.
Özbəkistanın bu gün investisiyalar üçün çox cəlbedici ölkə olduğunu qeyd edən dövlət başçısı bu gün hər iki ölkənin şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verdiyini və bu sahədə əməkdaşlıq etdiyini bildirib.
Prezident İlham Əliyev öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən dünyada ilk liderin Prezident Mirziyoyev olduğunu vurğulayıb. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.
Bu gün həm də Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var.
Özbəkistan Prezidenti öz çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib və səfərin tarixi xarakter daşıdığını bildirib. Şavkat Mirziyoyev dünya çempionu olan minifutbol üzrə Azərbaycan yığmasını təbrik edərək ölkəmizin uğurlarına hər zaman sevindiklərini qeyd edib.