Azərbaycanla Macarıstan dost ölkə və strateji tərəfdaşdır

Avropanın ən qədim ölkələrindən biri olan Macarıstan bu gün 93036 km² ərazisi ilə coğrafi baxımdan qədim qitənin tən ortasında yerləşir. Hazırda sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə dünya ölkələri arasında ÜDM-nin həcminə görə 57-ci pillədə qərarlaşan Macarıstan 1999-cu ildən NATO-nun, 2004-cü ildən isə Avropa İttifaqının üzvüdür.
Macarıstan həm də “Biz birlikdə daha güclüyük!” şüarı ilə 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi üzv statusuna malikdir. Bu da səbəbsiz deyil. Belə ki, xalqlarımız arasındakı qədim köklər bu birlikdə önəmli paya sahibdir.
Təşkilat çərçivəsində həm də Türk dünyası ilə Avropa İttifaqı arasında dialoq və əməkdaşlıq körpüsü rolunu oynayan Macarıstan üzv ölkələrlə siyasi-iqtisadi əlaqələrini də inkişaf etdirməkdədir. Bu əlaqələrin sürətlə inkifaf etdiyi ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur. İki ölkə arasındakı münasibətlərin inkişafında dövlət başçılarının səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri də ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir. Səfər ilə əlaqədar olaraq Azərbaycan Prezidenti və Macarıstan Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.
Dost dar gündə tanınar söyləyən Baş nazir Viktor Orban qeyd edib ki; “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.”
Prezident İlham Əliyev bəyanatında bildirib ki; “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır.
Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.”
Dövlətimizin başçısı həmçinin bildirib ki, Azərbaycan dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. “Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.”
Macarıstan şirkətlərinin Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyev Macarıstana səfəri çərçivəsində mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 2-ci qeyri-rəsmi Zirvə görüşündə iştirak edib və toplantı zamanı bir sıra mühüm tarixi qərarlar qəbul olunub.