İki ölkəni təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Dil, din, mədəniyyət və mənəvi dəyərlər baxımından yaxınlıq Azərbaycanla İran arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda da xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığı və bu gün dövlətlərarası münasibətlərin bu möhkəm təməl üzərində inkişaf etdiyi vurğulanıb.
Azərbaycanla İranın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəklədiyini qeyd edən dövlət başçısı bildirib ki, istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Prezident İlham Əliyev regional əməkdaşlıq layihələri sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin xüsusi əhəmiyyətini vurğulayıb; “Bu layihə iştirakçı bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.”
Bir neçə gün əvvəl İranda insan itkiləri ilə nəticələnmiş faciə ilə bağlı qardaş İran xalqına başsağlığı verən ölkə başçısı bu faciəyə baxmayaraq, Prezident Pezeşkianın Azərbaycana səfərini gerçəkləşdirməsini çox yüksək qiymətləndirdiyini və bunun uğurlu nəticələrinin olacağına əminliyini ifadə edib.
Xatırladaq ki, səfər çərçivəsində Bakıda Azərbaycan-İran biznes forumu keçirilib, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” və digər sənədlər imzalanıb.