Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyevin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Fevralın 19 da Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Sosial Xidmətlər Agentliyinin, Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər Təşkilatının əməkdaşları, milli ordunun hərbçiləri, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyevin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. 

Tədbir iştirakçıları tərəfindən şəhidin məzarı üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış  edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin salamını tədbir iştirakçılarına çatdırıb, şəhidlərə və onların ailələrinə olan hörmət və ehtiramını bildirib.

 Vurğulayıb ki, Yusif Mirzəyev 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Onun ilk döyüş yolu Ağdərə Goranboy istiqamətində olub. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidmətləri olub, 1993-cü il fevralın 19-da Ağdərədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 1993-cü ilin mart ayının 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Bu gün şəhidimizin ruhu şaddır. 2020-ci il sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında başlanan müharibədə ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qisası alındı. Bu gün hər birimiz şəhidlərimizi qürurla anır, onların qəhrəmanlığı ilə fəxr edirik.

Tədbirdə digər çıxış edənlər də şəhidlərimizə olan hörmət və ehtiramlarını bildirib, bir ömür onlara borclu olduqlarını qeyd ediblər. 

Həmçinin tədbirdə Şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva,  Sahil Məmmədovun anası Sahilə Məmmədova, Şükür Hacıyevin anası Fatma Hacıyeva, qazi Əli Əlisoy çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhidin bacısı Naibə Mirzəyeva qardaşının qəhrəmanlığı ilə qürur duyduğunu,  onunla fəxr etdiyini bildirib, tədbir iştirakçılarına və şəhid ailələrinə  minnətdarlıq edib.