30 avqust 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Əmiraslan Əliyevin məzarı başında doğum günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Əmiraslan Əliyev adına N saylı sərhəd zastavasının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.
Tədbirə başlamazdan öncə Ümummili Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib. Qeyd edib ki, Əmiraslan Əliyev dövlətçiliyimizin qorumasında cinayətkar ünsürlərə qarşı mübarizə apararkən 17 mart 1995-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Əmiraslan Əliyevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilibdir.
Eyni zamanda vurğulanıb ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti daim dəstəkləyəcək, torpaqlarımızın yenidən işğal altına düşməsinə imkan verməyəcəyik. Şəhidlərimizin qəhrəmanlığı isə heç bir zaman unudulmayacaqdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əmiraslan Əliyev adına N saylı sərhəd zastavasının zabiti Orxan Zeynalov, ictimaiyyət nümayəndəsi Fatma Quliyeva, şəhidin qardaşı Asif Əliyev çıxış ediblər. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əmiraslan Əliyevin adına N saylı Sərhəd zastavasının həyətində ucaldılmış büstü ziyarət olunub, önündə xatirə şəkili çəkdirilib.