12 İyun 2025, Cümə axşamı

Azərbaycanın dünyanın müxtəlif regionlarındakı ölkələrlə ikitərəfli əlaqələri inkişaf edir

Ölkəmiz son illərdə Avropa, Amerika və Afrika regionu dövlətləri ilə yanaşı, Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna səfərləri, keçirdiyi görüşlər respublikamızın regionla siyasi, iqtisadi və humanitar əlaqələrinin inkişafına geniş imkanlar yaradıb. Qeyd edilən region ilə əlaqələrin genişlənməsində Vyetnamla münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də iki ölkəni yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyi qeyd edilib.
Prezident bildirib ki, “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.”
Dövlətimizin başçısı Azərbaycanla Vyetnam arasındakı iqtisadi və ticari əlaqələrin inkişafına diqqəti çəkərək 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin 223,93 milyon ABŞ dolları səviyyəsində olduğunu söyləyib.
Prezident İlham Əliyev həmçinin bildirib ki, ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Hələ sovet dövründə iki ölkə arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın formalaşdığını və son illərdə bu əməkdaşlığın daha da inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti “1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayevin Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələdiyini, 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak etdiyini, orada ustad dərsləri keçdiyini və onun bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırıldığnı, sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlının təhsil aldığını və hazırda onların bir çoxunun Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutduğunu söyləyib.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi uğurlu layihələri vurğulayan dövlət başçısı bildirib ki, Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.
Xatırladaq ki, mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu” və digər bir sıra sənədlər imzalanıb ki, bu da qarşıdakı dövrdə Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf edəcəyinə əminlik yaradır.