Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra dünya birliyinə inteqrasiyaya böyük diqqət ayırıb, bir sıra beynəlxalq və regional təşkilatlarla məhsuldar əməkdaşlıq qurmağa nail olub. Ötən dövrdə bu istiqamətdə həyata keçirilən uğurlu, çoxşaxəli və tarazlaşdırılmış siyasi xətt ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına şərait yaradıb. Nəticədə, bu gün Azərbaycan dünyada mövqeyi qəbul edilən, sözünün siyasi çəkisi olan bir dövlətdir.
Bunu 22-25 sentyabr 2025-ci il tarixlərdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər də təsdiq edir. Belə ki, dövlətimizin başçısı Nyu-Yorkda BMT-nin mənzil-qərargahında bir sıra dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların baş katibləri və aparıcı qlobal şirkət rəhbərləri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı ali kürsüdən çıxışı zamanı Azərbaycanı qələbəyə və sülhə aparan uzun yoldan, ölkəmizin tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən bəhs edib.
Prezident bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
BMT tribunasından beynəlxalq ictimaiyyəti ölkəmizin müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan yol nümunəsi haqqında məlumatlandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Prezident eyni zamanda Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdiyini, 65 məscidi məqsədli şəkildə dağıtdığını diqqətə çatdırıb. Ölkə başçısı bildirib ki, biz yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Dövlət başçısı həmçinin ölkəmizin dünyada ekoloji tarazlığın qorunmasına verdiyi töhfə və enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə geniş məlumat verib.
Çıxışının sonunda Azərbaycan Prezidenti qeyd edib ki, bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.