Azərbaycanın Avropa İttifaqı ölkələri ilə enerji təhlükəsizliyi və nəqliyyat layihələri sahəsində əməkdaşlığı uğurla inkişaf edir

“Avropanın iqtisadi lokomotivi" adlandırılan Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında enerji, sənaye, nəqliyyat, ekologiya və təhsil sahələrində əməkdaşlıq hər ötən gün daha da inkişaf edir. İki ölkə arasındakı münasibətlərin inkişafında dövlət başçılarının səfərləri də xüsusi əhəmiyyət daşıyır.
Bütün bu tezislər aprelin 2-də Azərbaycana rəsmi səfərə gəlmiş Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında da öz əksini tapıb.
Prezident İlham Əliyev Almaniya Prezidentinin ölkəmizə səfərinin iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə edib. Prezident bildirib ki, “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.”
Dövlət başçısı ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrindən söhbət açaraq bu istiqamətdə Almaniyanın bizimlə çox fəal əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.
Prezident həmçinin Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya ilə Qərb arasındakı təzadlı münasibətlərdən bəhs edərək bütün bunların fonunda bu gün Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə yaxınlaşmanı regionda təhlükəsizliyin təmin edilməsi baxımından müsbət məqam kimi dəyərləndirib. Sonda Prezident İham Əliyev ali qonağın səfərinin ölkələrimizi bir-birinə daha yaxın edəcəyinə əminliyini ifadə edib.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanı inkişaf etmiş mühüm məkan kimi gördüyünü dilə gətirib. Ştaynmayer Ermənistanla sülh münasibətlərinin bərqərar olması istiqamətində son zamanlar müşahidə olunan müsbət irəliləyişlərin böyük təəssürat bağışladığını, əldə olunmuş razılaşmaların tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına ümidini ifadə etmiş və bu işə Almaniyanın öz dəstəyini əsirgəməyəcəyini bildirmişdir.