Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın və milli həmrəyliyin əsasının qoyulduğu 15 İyun - Milli Qurtuluş Gününün 32-ci ildönümüdür.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu gün xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq nəinki bir ölkəni, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Beləliklə, Azərbaycanın Milli Qurtuluş yolunun əsası qoyuldu.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxt sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədəki hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə alırdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Bu bütöv bir xalqın ürəyinin səsi idi.
1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik tarixinə hansı uğur səhifələrini yazdığını qət edilən yola dönüb baxanda daha aydın görürük. Görürük ki, Azərbaycanın hər bir uğuru dahi Heydər Əliyev yolunun təqdimatıdır. Bu yol adım-adım Azərbaycanı bügünkü qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkəyə çevirib.
Azərbaycan artıq beş ildir ki, Böyük Zəfərin reallıqlarını yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, Qarabağda şəhərsalmanın müasir təcrübəsi dünyaya təqdim edilir.
Soydaşlarımız mərəhələ-mərhələ doğma yurd yuvalarına qayıtmalarından qürur duyurlar. Digər bayramlarımız kimi, Milli Qurtuluş Günü də Xankəndidə, Xocalıda, Ağdərədə, Şuşada qeyd edilir. Harada yaşamasından aslı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradan bu uğurlarımızın başlanğıcı isə məhz Milli Qurtuluş Günüdür.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ölkəmizi zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır. Xalqımız əmindir ki, Ümummilli Liderin şah əsəri olan qalib Azərbaycan onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da zirvələri fəth edəcək. Azərbaycan xalqı var olduqca onun yaddaşında Ulu Öndər əbədi var olacaq, onun dövləti və xalqı qarşısındakı müstəsna xidmətləri daim hörmətlə anılacaqdır.